AZPROMO İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

2020.12.09 12:14 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
AZPROMO-dan bildirilib ki, İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzv qurumlarla görüşü keçirilib. Tədbirdə investisiyaların cəlb edilməsi, növbəti il üçün nəzərdə tutulan planlar, WAIPA çərçivəsində nəzərdə tutulan tədbirlər və sair məsələlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev AZPROMO-nun fəaliyyəti barədə çıxış edib, qurum ilə WAIPA arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi olub.
Qeyd edək ki, WAIPA 1995-ci ildə təsis olunub. AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür və hazırda Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.