Argentina parlamenti “sərvət vergisi”nin tətbiqi haqqında qanunu qəbul edib

2020.12.09 13:45 (UTC+04:00)

Keçən ay Argentinanın paytaxtı Buenos-Ayres şəhərində minlərlə insanın hökumətin hazırladığı və parlamentin nümayəndələr məclisində müzakirə olunan “sərvət vergisi” haqqında qanun layihəsini dəstəkləmək üçün nümayişə çıxdığı barədə məlumat vermişdik.

https://vergiler.az/news/international/10897.html

Artıq “milyoner vergisi” adlandırılan verginin tətbiqi ilə bağlı ölkə parlamentinin yuxarı palatasında qərar qəbul edilib. Yeni vergi sərvəti 200 milyon pesodan (2,5 milyon dollar) artıq olan təxminən 12 min vətəndaşdan tutulacaq. Zənginlərdən tutulan birdəfəlik verginin yoxsulluğa və koronavirusa qarşı tədbirlərə, eləcə də kiçik biznesin dəstəklənməsinə sərf olunması nəzərdə tutulub.

Hökumətin hesablamalarına əsasən, “milyoner vergisi”ndən dövlət büdcəsinə 300 milyard peso (3,6 milyard dollar) əlavə vəsait daxil olacaq. Yığılan vəsaitin 20 faizinin koronavirus xəstəliyi ilə bağlı tibbi ləvazimatların alınmasına, 20 faizinin kiçik və orta biznesin dəstəklənməsinə, 20 faizinin tələbələrin təqaüdünə, 15 faizinin sosial inkişafa, 25 faizinin isə təbii qaz layihələrinə yönəldiləcəyi bildirilib.