Sosial və işsizlikdən sığorta üzrə bəyannamənin vaxtında təqdim olunmamasına görə sahibkara cərimə tətbiq edilirmi?
Dövlət Vergi Xidmətindən cavab olaraq bildirilib ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin” (hesabatı) forması təsdiq edilib. Həmin hesabatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Eyni zamanda, vergiödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.
Bu halda vergiödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır.