İşçilərlə əmək müqaviləsi bağlamaq işəgötürənin vəzifəsidir

2020.12.08 12:48 (UTC+04:00)

Dövlət Vergi Xidmətinin mühüm hədəflərindən biri də iş yerlərinin leqallaşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanmasına nail olmaqdır.
Bu aktual məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatını təqdim edir:
İqtisadi inkişafın təmin olunmasında mühüm amillərdən olan məşğulluq sosial rifahın əsas elementlərindəndir. Məşğulluğun yüksək səviyyədə olması üçün əmək bazarında münasibətlərin qanun çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılması vacibdir.

Əmək müqaviləsinin əhəmiyyəti

İşlə təmin olunmaq, əmək bazarında təmsil edilmək və iş təcrübəsi toplamaq hər kəs üçün əhəmiyyətlidir. İşlə təmin olunarkən işəgötürənlə əmək müqaviləsi bağlayan şəxslər əməkhaqqı alır, məzuniyyətə çıxa bilir, müavinətlər əldə edir, iş yerindən aldıqları məvacibi təminat mənbəyi kimi göstərərək müxtəlif kreditlərdən yararlanır və digər hüquqlardan istifadə edə bilirlər. Əmək müqaviləsi bağlanan zaman sadalananlardan əlavə, iş prosesində hər hansı bir zədəalma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur.

Gələcəkdə işəgötürənlər əmək müqaviləsi bağladığı şəxslərin icbari tibbi sığorta üzrə öhdəliklərini də yerinə yetirəcək ki, bu da tibbi xidmətlərdən yararlanmaq üçün olduqca vacibdir. Ən əsas məsələlərdən biri - pensiya təminatı üçün resurslar yaradılır və işçinin stajı hesablanır. İşəgötürən işçinin əməyini, həyat və sağlamlığını sığortalayır. Əmək müqaviləsinin bağlandığı halda, işçinin əldə etdiyi hüquqlar müvafiq qanunlarla qorunur. Əks halda isə onun taleyi işəgötürənin “insafına” qalır, yəni işçi ilə müqavilə bağlamayan sahibkar onu sahib olduğu hüquqlardan məhrum edir. Nəticə etibarilə işçinin gələcəyi təminatsız qalır və belə çıxır ki, o, uzun illər ərzində boşuna işləyib.
Dövlət Vergi Xidmətinin əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı maarifləndirmə işi istiqamətində hazırladığı videoçarxlar əmək müqavilələrinin əhəmiyyətini sadə, anlaşıqlı və obrazlı formada çatdırır. Videoçarxlar bu istiqamətdə aparılan işlərə ictimai töhfə olmaqla işçilərə və işəgötürənlərə qanun çərçivəsində işləməyin üstünlüklərini çatdırır:
https://www.youtube.com/watch?v=5YCcILhY3Ww
https://www.youtube.com/watch?v=-nOYNoX7ZdQ
Göründüyü kimi, əmək müqaviləsinin bağlanması işçilərin əmək hüququnun rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təminatçısı rolu oynamasına dəlalət edir.

Əmək müqaviləsi, yoxsa cərimə?

Əmək müqaviləsini bağlamaq hər bir şəxsin hüququ və işəgötürənin vəzifəsidir.

İşəgötürən əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz. Əmək hüquqlarının təmin olunması üçün ölkəmizdə geniş hüquqi resurslar mövcuddur.
Qanunvericilikdə əmək bazarına nəzarətin təşkil olunmasına aid müvafiq müddəalar yer alır. Əmək müqaviləsinin bağlanmasına nəzarət vergi orqanları tərəfindən həyata keçirilir.
Vergi Məcəlləsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi nəzarətinə daxil olan hallar arasında yer alır. Başqa sözlə, vergi orqanları istənilən vaxt əmək müqavilələri ilə bağlı vəziyyəti yoxlaya bilərlər. Bu məqsədlə vergi orqanları tərəfindən təkmilləşdirilmiş elektron nəzarət formaları yaradılıb və əmək müqaviləsi bağlamayan işəgötürənlərin müəyyən edilməsi çətin deyil. Bu səbəbdən, tədbirli olub əmək müqaviləsini bağlamaqda fayda var.
Əmək müqaviləsinin bağlanmasından yayınma hallarına görə ciddi cərimə məbləğləri mövcuddur. Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, 3 və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin bu, işəgötürənin üzləşə biləcəyi yeganə cərimə deyil.
İnzibati Xətalar Məcəlləsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.
İşəgötürənlər bilməlidirlər ki, vergi nəzarəti hər kəsə münasibətdə eyni qaydada aparılır və bu məsələdə güzəşt mümkün deyil.
Xatırladaq ki, ölkəmizdə vergi islahatlarının başlandığı ilk zamanlarda sahibkarlara fəaliyyətlərini qanuniləşdirmək üçün kifayət qədər vaxt verilmişdi. Bu müddətdə işəgötürənlər də əmək müqavilələrinin bağlanması üçün verilən vaxtdan yararlanmalı idilər.

Şəffaflaşma davam ediləcək

Sahibkarlara və işəgötürənlərə fəaliyyətlərini qanun çərçivəsinə salmaları üçün verilmiş vaxtla yanaşı, onlara stimullar da təqdim edilib. Belə ki, gəlir vergisi üzrə qanunvericilikdə ciddi dəyişiklik olunub və qeyri-neft, qeyri-dövlət sektorunda işçilərin 8000 manatadək əməkhaqqı məbləği gəlir vergisindən azad edilib. Bu uzunmüddətli güzəştlər tətbiq olunduqdan sonra əmək müqavilələrinin sayında ciddi artım baş verib.
Belə ki, 2019-cu ildə bağlanmış 153 min əmək müqaviləsinin 99 mini gəlir vergisi üzrə güzəştlərin tətbiq edildiyi qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb.
2020-ci ildə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 121,1 min artaraq avqustun 1-nə 760 minə çatıb.
Əmək müqaviləsini bağlayanlar, təbii ki, bunun faydasını da gördülər. Məsələn, onlar koronavirus pandemiyası dövründə dövlət tərəfindən əmək bazarına dəstək məqsədilə ayrılan yardımlardan yararlandılar.
Beləliklə, sosial izolyasiya şəraitində işəgötürənlər əmək haqlarının ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi, işçilər isə işə getmədikləri zamanlarda aylıq məvaciblərini aldılar. Bununla da həm işəgötürənlər, həm də işçilər əmək müqaviləsi ilə işləməyin əhəmiyyətini öz üzərlərində hiss etdilər.
Əmək münasibətlərinin leqallaşması cəmiyyətin sosial rifahına əhəmiyyətli təsir edir. Ölkə iqtisadiyyatı şəffaflaşma, leqallaşma və ağarma çağırışları istiqamətində mühüm irəliləyişlər əldə edir ki, bu da maddi resursların artmasına və sosialyönümlü tədbirlərin əhatəsinin genişlənməsinə imkan verir. Buna görə də cəmiyyətin rifahı və firavan həyat naminə görülən tədbirlərin davamlı olmasına zərurət var.