"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 30 noyabr tarixli Qanunu ilə Vergi Məcəlləsində 5 əsas istiqamət – sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm dəyişikliklər edilmişdir. Vergilər nazirinin müşaviri Xəqani Abdullayevlə söhbətin mövzusu bu dəyişikliklər barədədir.
- Xəqani müəllim, 2019-cu il vergi sahəsində köklü dəyişikliklərlə başlayıb. Bu dəyişikliklər bütövlükdə Azərbaycan iqtisadiyyatında, eləcə də vergi daxilolmalarında özünü necə göstərəcək?
- Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş "Milli iqtisadiyyatın perspektivlərinə dair yol xəritələri"ndə nəzərdə tutulmuş tədbirlərin icrasının və vergitutmanın davamlı inkişafının təmin edilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş və yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər bu ildən başlayaraq vergi sahəsində köklü dəyişikliklərin həyata keçirilməsinə imkan yaratmışdır. Dəyişikliklər əsas etibarilə ölkədə "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasına, əmək bazarının şəffaflaşdırılmasına, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin yaradılmasına, vergitutma bazasının genişləndirilməsinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi nəzarəti tədbirlərinin səmərəliliyinin artırılmasına yönəldilmişdir.
Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarının şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi istiqamətində dəyişikliklər vergi daxilolmalarının artımına birbaşa təsir göstərəcəkdir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, sahibkarlıq subyektlərinə vergi stimullarının verilməsini nəzərdə tutan dəyişikliklər biznes fəaliyyətinin gələcək inkişafını sürətləndirməklə büdcənin vergi gəlirlərinin artmasına müsbət təsir edəcəkdir.
Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarının şəffaflaşdırılması,
vergitutma bazasının genişləndirilməsi vergi daxilolmalarının
artımına birbaşa təsir göstərəcək
- Azərbaycanın vergi sistemində son illər həm texnoloji modernləşmə, həm də vergi inzibatçılığı sahəsində aparılan əsaslı islahatlar vergi borclarının idarə olunmasına necə təsir göstərib?
- Son illərdə vergi inzibatçılığında texnoloji modernləşdirmənin və avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi vergi idarəetməsinin, o cümlədən vergi hesablamaları və ödəmələrinin, vergi borclarının idarə olunmasının səmərəliliyinin artırılmasında böyük rol oynamışdır. Vergi hesablamaları və ödəmələrinin vergi orqanlarında aparılan uçotunun və uçot məlumatları əsasında müxtəlif istiqamətlərdə aparılan təhlillərin avtomatlaşdırılması vaxtında ödənilməyən vergi məbləğlərinin operativ qaydada aşkarlanması və ödənilməsinin təmin olunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. Bununla yanaşı, nazirliyin idarəetmə strukturunda aparılmış dəyişikliklərlə idarəetmə funksiyalarının təkmilləşdirilməsi, vergi orqanlarının fiskal funksiyalarına daxil olan sahələr üzrə əlaqələndirilməsi, o cümlədən vergi borclarının alınması sahəsində fəaliyyətin effektivliyinin artırılması məqsədilə vergi öhdəliklərinin icrasına nəzarət strukturlarının yaradılması vergi borclarının idarə olunmasının səmərəliliyinə müsbət təsir göstərmişdir.
Vergi borclarının məcburi alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi zamanı vergi ödəyicilərinin qanuni maraqlarının qorunması, vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisəli halların aradan qaldırılması məqsədilə Vergi Məcəlləsində müəyyən dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən, vergi orqanının hesabladığı vergilərin, faiz və maliyyə sanksiyalarının alınması məqsədilə bank hesablarında məxaric əməliyyatlarının dondurulmasına dair icra sənədi verilərkən 30 gün müddətinin gözlənilməsi təkcə məhkəməyə deyil, həm də yuxarı vergi orqanına şikayət olunması hallarına da şamil edilmişdir. Bununla yanaşı, vergi orqanının ƏDV ilə bağlı hesabladığı vergilərin, faiz və maliyyə sanksiyalarının alınması ƏDV-nin depozit hesabından vəsaitin birbaşa silinməklə deyil, depozit hesabında məxaric əməliyyatların dondurulması yolu ilə həyata keçiriləcəkdir. Bu zaman ƏDV-nin depozit hesabında vəsaitin dondurulması hesablanmış vergi ilə bağlı vergi ödəyicisi tərəfindən məhkəməyə və yuxarı vergi orqanına 30 gün müddətində şikayət edilmədiyi təqdirdə tətbiq olunacaqdır.
Vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisəli halların
aradan qaldırılması məqsədilə Vergi Məcəlləsində müəyyən dəyişikliklər edilib
- Dəyişikliklərin bir qismi də vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlıdır. Vergi Məcəlləsində fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə əhəmiyyətli vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Sizcə, bu güzəştlər əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, eləcə də rəsmi məşğulluğun səviyyəsinin yüksəldilərək əmək bazarının leqallaşdırılmasına nə kimi töhfələr verəcək?
- Qeyri-rəsmi əmək bazarının və vergidən yayınmanın miqyasının azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi sıfır faiz dərəcə ilə, 8.000 manatdan artıq olan hissəsindən isə 14 faiz dərəcə ilə tutulacaqdır. Qeyri-neft sektorunun özəl bölməsində əməkhaqlarına güzəştli vergi dərəcələrinin tətbiqi qeyri-rəsmi əməkhaqqının və iş yerlərinin leqallaşdırılmasına şərait yaradacaqdır.
Eyni zamanda, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənin məsuliyyətinin artırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə tətbiq olunan maliyyə sanksiyalarının bir neçə dəfə artırılması qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında böyük rol oynayacaqdır.
Əmək bazarının və əmək haqlarının leqallaşdırılması istiqamətində
Vergi Məcəlləsində edilmiş dəyişikliklər şəffaf və
sürətli sosial-iqtisadi inkişaf üçün zəmin yaradacaq
- Dəyişikliklərin sosial-iqtisadi sahədə hansı təsirləri olacaq?
- Mikro və kiçik sahibkarlıq subyektlərinə, startaplara, kiçik və orta biznes klasterlərinə vergi güzəştlərinin verilməsi, Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsinin aşağı salınması ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər ölkədə kiçik və orta biznesin aktivləşməsində və bütövlükdə sosial-iqtisadi inkişafın sürətlənməsində böyük rol oynayacaqdır.
Təsərrüfat subyektlərində gəlir və xərclərin uçotunun aparılmasının təmin olunması və bu sahədə yol verilən qanun pozuntularına görə məsuliyyətin gücləndirilməsi, nağd pul hesablaşmaları aparılan sahələrdə vergi orqanlarının məlumat bazası ilə inteqrasiya edilmiş onlayn nəzarət-kassa aparatlarının tətbiq olunması, mühasibat uçotunun elektron qaydada aparılması, əmək bazarının və əmək haqlarının leqallaşdırılması istiqamətində Vergi Məcəlləsində edilmiş dəyişikliklər "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik tədbirlər olmaqla şəffaf və sürətli sosial-iqtisadi inkişaf üçün zəmin yaradacaqdır.
- Uçot-qeydiyyat sistemindəki dəyişikliklər sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə məlumat bazalarının dürüstləşdirilməsinə necə təsir göstərir?
- Uçot-qeydiyyat sisteminin təkmilləşdirilməsi məqsədilə vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə, iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda isə iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması ilə bağlı Vergi Məcəlləsinə müddəalar daxil edilmişdir. İqtisadi maraqlar mərkəzi dedikdə, vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer başa düşülür.
Bununla yanaşı, Vergi Məcəlləsində vergi orqanında qeydiyyata alınma barədə şəhadətnamənin elektron qaydada verilməsi, uçot-baza məlumatlarında dəyişikliklərin vergi ödəyicisinin özü tərəfindən aparılmadıqda məlumatların vergi orqanları tərəfindən dürüstləşdirilməsi halı ilə bağlı edilmiş dəyişikliklər vergi ödəyicilərinin fəaliyyətinə dair real məlumatların əldə edilməsinə və onlar üzərində həyata keçirilən vergi nəzarətinin səmərəliliyinin artırılmasına imkan verəcəkdir.
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI