On ayda “Azexport.az” portalına 512,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2020.12.02 12:10 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında “Azexport.az” portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayına istinadla xəbər verir ki, oktyabrda portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 milyon dollar təşkil edib və keçən ilin eyni ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb.
Oktyabr ayında “Azexport.az” portalına ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli və sair məhsullar üzrə olub.
2017-ci ilin yanvar ayından bu il oktyabrın 31-dək portala 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2,09 milyard dollar təşkil edib.