İstehlakçıların seçim kriteriyaları dəyişir

2020.12.04 13:59 (UTC+04:00)

Hazırkı şəraitdə Azərbaycanda istehlakçılar alış-veriş edərkən daha çox iki məqama: pandemiya şəraitində ticarət obyektlərinin sanitar-epidemioloji tələblərə uyğun fəaliyyət göstərməsinə, eləcə də fiskal İD-nin təqdim edilməsinə diqqət yetirməlidir. İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev mövzuya ilə bağlı mülahizələrini bölüşür.

İstehlakçıların hansı şərtlərə görə seçim etməsi vacibdir. Bizdə vətəndaşlar əsasən, qiymətlərə diqqət edir, ucuz məhsulları almağa üstünlük verirlər. Ancaq dövrün tələblərinə uyğun olaraq bu seçim parametrləri dəyişə bilər. Xüsusilə COVİD-19 pandemiyasının geniş yayıldığı dövrdə seçim edərkən insanlar öncə sağlamlıqlarına diqqət etməlidirlər. Vətəndaşların sağlamlığının qorunması üçün yeni qaydalara əməl edilməsi birinci şərtdir.

Sahəsi daha geniş olan marketlərdən alış-veriş edilməsi daha məqsədəuyğundur. Bu zaman ara məsafəsinin gözlənilməsi, bununla da yoluxma riskinin azalması mümkündür. Bundan əlavə, həmin məkanlarda fiskal İD-nin təqdim edilməsinə diqqət yerilməsi vacibdir.

Fiskal İD əldə edilməsi həm alıcılar, həm də satıcılar üçün rəqabət şəraitində çox önəmlidir. Çünki bir çox marketlər yalnız aldığımız məhsulların siyahısını bizə təqdim edirlər. Kassa çeki verməyən bu müəssisələr gəlirlərini dövlətə şəffaf şəkildə təqdim etmirlər, gizlədirlər. Biz də vətəndaş olaraq çalışmalıyıq ki, hansı market, mağaza şəffaf fəaliyyət göstərirsə, oradan alış-veriş edək. Çünki gəlirlərini şəffaf göstərən ticarət obyektləri dövlətə vergisini vicdanla ödəyirlər. Büdcəyə ödənilən vergi vəsaitləri vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edir.

Fiskal İD-nin digər üstünlüyü də budur ki, bu cür çeklər vasitəsilə vətəndaşlar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilərlər. Bunun üçün xüsusi olaraq edvgerial.gov.az saytı yaradılıb. Hesaba yığılan məbləğlərlə vətəndaşlar kommunal ödənişlərin, digər xərclərin ödənilməsində istifadə edə bilərlər.

Fərqanə Allahverdiqızı