2021-ci ildə neftə olan gündəlik tələbat 6,1 milyon barrel arta bilər

2020.12.01 17:19 (UTC+04:00)

Gələn il neftə olan tələbat sutkada 6,1 milyon barrel arta bilər.
Bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar OPEC Nazirlər Şurasının videokonfrans formatında keçirilən 180-ci iclasında deyib.
“2021-ci ildə neftə olan gündəlik tələbatın 6,1 milyon barrel səviyyəsində artacağı gözlənilir. Bu baxımdan, artıq 4-cü ili geridə qoyan OPEC üzrə “Əməkdaşlıq Bəyannaməsi” tərəfdaş ölkələrin əməkdaşlığı nəticəsində qlobal neft bazarını dəstəkləməyə davam edir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, OPEC Nazirlər Şurasının 180-ci iclasında yanvar ayından etibarən hasilatın gündəlik 2 milyon barrel artırılıb-artırılmaması məsələsi müzakirə olunub. Müzakirələrin başlanğıcında istehsal məhdudiyyətlərinin müddətinin uzadılmasına dair razılığın əldə ediləcəyi düşünülsə də, iclasda gözlənilmədən gərginlik artıb və hətta Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman “OPEC+” panelinin vitse-prezidenti vəzifəsindən istefa verə biləcəyini söyləyib. Nəticədə fikir ayrılıqları səbəbindən iclasda hər hansı bir razılıq əldə olunmayıb. Toplantının bu gün davam edəcəyi bildirilir.
Dekabrın 1-də keçirilməsi gözlənilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 12-ci videogörüşü isə təxirə salınaraq ayın 3-də təşkil olunacaq.
Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.