“OPEC+”un iclası ərəfəsində neft bazarında qeyri-müəyyənlik davam edir

2020.11.30 12:14 (UTC+04:00)

OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin (“OPEC+”) nazirlərinin toplantısı ərəfəsində neft bazarındakı qeyri-müəyyənlik davam edir.
Bu gün “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının keçirilməsi gözlənilir. Toplantıda əsas müzakirə mövzuları son iclasdan ötən müddət ərzində qlobal neft bazarındakı inkişaflar və 2021-ci ilin birinci yarısının perspektivləri olacaq.
Dekabrın 1-də isə “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında iclası təşkil ediləcək. Yığıncaqda “OPEC+”un neft hasilatına dair məhdudiyyətlərlə bağlı qərar verməsi nəzərdə tutulur. JMMC noyabrın 17-də keçirdiyi iclasda yanvar ayında istehsal artımının təxirə salınması ilə bağlı hər hansı bir tövsiyə bildirməyib. Tövsiyələrin sabahkı toplantıda təqdim edilməsi gözlənilir.
İclas ərəfəsində hasilat məhdudiyyətlərinin təxirə salıb-salmayacağı, eləcə də yanvar ayında planlaşdırılan hasilat artımının nə vaxta kimi təxirə salınacağı barədə hansı qərarın veriləcəyi fonunda isə neft bazarında qeyri-müəyyənlik hökm sürür.
Bazar günü “OPEC+” nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edənlərin əksəriyyəti istehsal məhdudiyyətlərini mövcud səviyyədə saxlamaq istəsə də, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan bu fikrlə razı olmayıb.
Ekspertlər neft tələbatına dair qeyri-müəyyənlik səbəbindən “OPEC+”un tədarük həcmlərini gələn ilin birinci rübünün sonunadək cari səviyyələrdə saxlayacağını gözləyirlər. Lakin bu istiqamətdə qərarın verilməsi real görünmür. Çünki bu vəziyyət bəzi ölkələri qane etmir.
Xatırladaq ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır.