Ötən il büdcə gəlirləri 36 faiz artıb

2019.02.20 19:23 (UTC+04:00)

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 508 milyon 900 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 36,3 faiz çoxdur.

Vergiler.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən il büdcə xərcləri 29,1 faiz artaraq 22 milyard 723 milyon 2 min manata çatıb. Büdcənin icrasında yaranan 214,3 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,3 faizinə bərabər olub. Daxilolmaların 19,1 faizi əlavə dəyər vergisi, 11,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,2 faizi aksizlər, 2 faizi sadələşdirilmiş vergi, 0,8 faizi əmlak vergisi, 1,3 faizi vergilərin digər növlərin hesabına təmin edilib. Gəlirlərin 53 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Təhlillər göstərir ki, 2018-ci ildə ən böyük artım xarici iqtisadi fəaliyyətlə bağlı vergilərin həcmində müşahidə edilib. Əgər 2017-ci ildə bu verginin həcmi 903 milyon manat təşkil edibsə, ötən il bu göstərici 1143,7 milyon manata çatıb.

Ötən il sahibkarlardan tutulan mədən vergisi, aksiz və sadələşmiş vergilərin həcmi də artıb. Digər irihəcmli artım əlavə dəyər vergisinin məbləğində müşahidə edilib. Belə ki, 2018-ci ildə həmin sahədən büdcə daxilolmaları 4287,6 milyon manat olub. 2017-ci ildə isə bu rəqəm 3668,6 milyon manat təşkil edib.