Səudiyyə Ərəbistanı ilə Rusiya “OPEC+”un qeyri-rəsmi iclasının keçirilməsinə çağırış edib

2020.11.28 12:03 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak noyabrın 28-də videokonfrans formatında “OPEC+”un qeyri-rəsmi görüşünün keçirilməsinə çağırış edib və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasını tələb ediblər.
Əvvəlcədən planlaşdırılmayan bu görüş “OPEC+”un neft hasilatına dair məhdudiyyətləri təxirə salıb-salmayacağı barədə qərar verəcəyi JMMC-nin gündəlikdə olan iclasından iki gün əvvəl baş tutacaq.
Analitiklərin əksəriyyəti “OPEC+”un istehsalın bərpasını təxirə salacağını düşünür. Lakin bu qərar hələ ki, İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərinin etirazları səbəbindən qəti deyil.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo isə neft hasilatının artırılacağı təqdirdə gələn il bazarda tədarük bolluğunun yaranacağını bildirib və kartel üzvlərini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında əsas müzakirə mövzusu olacaq.