Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
İnsan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev yanlış riyazi hesablamalar nəticəsində işçiyə ödənilən əməkhaqqının tutulması ilə bağlı prosesin bəzən təcrübədə yanlış tətbiq edildiyini qeyd edərək bildirib ki, səhv riyazi hesablamalar nəticəsində ödənilmiş əməkhaqqının tutulması işəgötürənin əmrilə həyata keçirilir. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, artıq ödənilmiş əməkhaqqının ödənildiyi gündən 1 aydan çox vaxt keçibsə, həmin artıq məbləğin tutulması qadağandır.
Misal: Tutaq ki, 500 manat vəzifə maaşı olan işçiyə 1 oktyabr 2020-ci il tarixində yanlış riyazi hesablama nəticəsində 1000 manat artıq əməkhaqqı ödənilib və bu məbləğ bir neçə aydan sonra – dekabr ayının 10-da aşkarlanıb. Bu halda həmin artıq 1000 manat məbləğin tutulması həyata keçirilə bilməz. Ancaq bir nüansa xüsusi diqqət etmək lazımdır. Əgər yuxarıdakı misalda göstərilən artıq məbləğin ödənilməsi 1 ay keçməzdən əvvəl, tutaq ki, oktyabr ayının 20-də aşkarlanarsa, bu zaman həmin məbləğ 30 oktyabr tarixində işçinin əməkhaqqından tutula bilər.
Əmək Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının 50 faizi saxlanmalıdır. Başqa sözlə, əməkhaqqından tutulmalar işçiyə hesablanmış aylıq əməkhaqqının 50 faizindən (bəzi hallarda 70 faizə qədər) çox ola bilməz. Bu zaman sual yaranır: artıq verilmiş məbləğin digər qismi neçə geri qaytarılacaq? Əgər tutulmalı olan məbləğ aylıq əməkhaqqıdan çoxdursa, bu zaman həmin məbləğ aylara bölünərək tutulur. Yuxarıda göstərdiyimiz misalda oktyabrın 30-da tutulmanın bir hissəsi həyata keçirilir. Qalan hissəsi ilə noyabr ayının 30-u hesablanmış əməkhaqqıdan aylıq ödənişin 50 faizindən çox olmamaq şərti ilə tutula bilər. Bu proses artıq ödənilmiş məbləğ tam tutulana qədər davam edir və bu zaman 1 aylıq müddətin keçməsi nəzərə alınmır.
Fərqanə Allahverdiqızı