Macarıstanda ƏDV fırıldaqçılığına dair beynəlxalq seminar keçirilib

2019.02.20 14:17 (UTC+04:00)

Fevralın 12-dən 14-dək Macarıstanda "Avtomobil sektorunda ƏDV fırıldaqçılığının qarşısının alınması" mövzusunda praktiki seminar keçirilib.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təşəbbüsü ilə keçirilən tədbirdə 27 ölkənin nümayəndələri iştirak ediblər. Seminarda Azərbaycanı Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Bəyannamələr idarəsinin Kameral vergi yoxlamalarına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Elşən Əmrahov təmsil edib.

Tədbirin açılışında IOTA-nın mütəxəssisləri çıxış edərək ikinci əl avtomobillərin satışı sahəsində ƏDV fırıldaqçılığına qarşı mübarizə və nəzarət tədbirləri, belə halların erkən mərhələdə aşkarlanması və vergidən yayınma sxemlərinin həyata keçirilməsində istifadə olunan saxta sənədləşmələrin müəyyən edilməsi, bu sahədəki problemlərdən danışıblar. Üç gün davam edən seminarda iştirakçı ölkələrin nümayəndələri təqdimatlarla çıxış ediblər.

Seminarda nümayiş etdirilmiş ümumilikdə 8 təqdimatda ayrı-ayrı ölkələrdə rast gəlinən vergidən yayınma sxemləri barədə ətraflı məlumatlar verilib və onların həlli yolları müzakirə olunub.