“AzerGold”un istiqrazlarının ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2020.11.23 12:14 (UTC+04:00)

Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən bildirilib ki, noyabrın 30-da “AzerGold” QSC-nin istiqrazlarının ikinci tranş üzrə 10 milyon dollar həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Eyni zamanda, ikinci tranşın yerləşdirilməsi üzrə investorlardan tutulan komissiya haqqını (0,02 faiz) “AzerGold” QSC öz üzərinə götürəcək. İstiqrazların baza emissiya prospekti və ikinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 100 min ədəd, nominalı dəyəri 100 dollar, illik faiz dərəcəsi 4 faiz, kupon faizlərinin ödəniş müddəti 90 təqvim günündən bir, tədavül müddəti 3 ildir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.