Noyabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, faiz gəliri 7,5 faizdir. İstiqrazlar 2023-cü il noyabrın 21-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.