Üç rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 17,8 milyard dollar olub

2020.11.18 13:27 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 milyard 6,8 milyon dollar, idxalın dəyəri 7 milyard 823,5 milyon dollar təşkil edib, nəticədə 2 milyard 183,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,2 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Hindistan, Yunanıstan, Gürcüstan, İsrail, Fransa, Xorvatiya, İspaniya, Birləşmiş Krallıq, İran, Çexiya, İsveçrə, Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 14,4 faizi Türkiyənin, 13 faizi Çinin, 6,7 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,2 faizi Fransanın, 4 faizi Ukraynanın, 3,9 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,9 faizi Yaponiyanın, 1,7 faizi Koreya Respublikasının, 1,2 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Polşanın, hər biri 0,8 faiz olmaqla Niderland, İspaniya və İsveçrənin, 15,3 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 65 faizini avtomobil, 19,9 faizini dəmir yolu, 10,8 faizini hava, 4,2 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 1,3 faizini Vyetnama, hər biri 1,2 faiz olmaqla Belarus və Portuqaliyaya, 1 faizini Avstriyaya, 6,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Doqquz ayda ixracın 86,3 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,2 faizini avtomobil, 3 faizini dəmir yolu, 1,9 faizini hava, 0,6 faizini isə dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.