Argentinada xalq “sərvət vergisi”ni dəstəkləyir

2020.11.19 18:21 (UTC+04:00)

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində minlərlə insan hökumətin hazırladığı və parlamentin nümayəndələr məclisində müzakirə olunan “sərvət vergisi” haqqında qanun layihəsini dəstəkləmək üçün nümayişə çıxıb.

Qanun layihəsinə əsasən, ölkədə 200 milyon Argentina pesosu (təxminən 2,5 milyon ABŞ dolları) və daha artıq sərvəti olan şəxslərin 2-3,5 faiz arasında vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Qanun layihəsi ölkə üzrə 12 min nəfəri əhatə edəcək. Zəngin şəxslərdən yalnız bir dəfə tutulacaq vergidən dövlət büdcəsinə 300 milyard Argentina pesosu (3,8 milyard ABŞ dolları) vəsait daxil olacağı gözlənilir.

Qanun layihəsi Nümayəndələr Palatasından keçəndən sonra Konqresin yuxarı qanadı olan Senatda təsdiqlənəcək və dövlət başçısının sərəncamı ilə qüvvəyə minəcək.