Nə qədər qəribə də görünsə, 1996-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin yarısı digər ölkələrdə dövlət təmsilçilərinə ödənilən rüşvətin vergiyə cəlb olunmamasına icazə verirdi. Bunların arasında Almaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və İsveçrə də vardı. Həmin ölkələrdə fəaliyyət göstərən şirkətlər bəzi xarici ölkələrdə biznes aparmaq üçün rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirirdilər.
Sonrakı dövrlərdə biznes təcrübələri dəyişdikcə OECD rüşvət və çirkli pulların yuyulması ilə bağlı daha sərt qanunların tətbiqi üçün təzyiqləri artırdı.
Buna baxmayaraq İsveçrə 2001-ci ildə dövlət sektorunda çalışanlara ödənilən rüşvətin vergidən azad olunmasını qüvvədə saxladı.
Bu ölkənin qanunvericiliyi şirkətlərin ayrı-ayrı fərdlərə rüşvət verməsini yalnız 2015-ci ildə cinayət kimi təsbit etdi.
BBC agentliyinin məlumatında bildirilir ki, İsveçrə hökuməti vergi qanunvericiliyinin cinayət məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edib. Hökumətin bu qərarına əsasən, İsveçrədə şirkətlərin fərdlərə ödədikləri rüşvət vergidən azad edilməyəcək.
“Vergi cənnətləri” imicindən qurtulmağı qarşısına məqsəd qoyan İsveçrədə yeni qayda 2022-ci ildə qüvvəyə minəcək.
Xatırladaq ki, Avropa İttifaqı İsveçrəni 2019-cu ilə qədər “vergi sığınacağı” sayılan ölkələrin “qara siyahısı”na salmışdı.