Üç rübdə Səngəçal terminalından 13 milyard kubmetrdən çox “Şahdəniz” qazı göndərilib

2020.11.16 17:23 (UTC+04:00)

Cari ilin 9 ayında Səngəçal terminalından 13 milyard kubmetrdən çox “Şahdəniz” qazı ixrac olunub.
Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Qeyd edək ki, yanvar-sentyabr aylarında terminaldan gündəlik orta hesabla 48 milyon standart kubmetr (1 milyard 691 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.
Üçüncü rüb ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.