Yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) sutkalıq orta ötürücülük gücü 32,6 milyon kubmetr təbii qaz təşkil edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, 9 ayda CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 35 milyon dollardan çox əməliyyat və 8 milyon dollardan artıq əsaslı xərclər sərf olunub.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.