Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq layihələrində iştirakda maraqlıdır

2020.11.12 16:37 (UTC+04:00)

Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Görüşdə iqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. M.Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, “Bir millət, iki dövlət” olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, türkiyəli həmkarına və Türkiyə xalqına təşəkkürünü bildirib. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrimiz genişlənir, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və sair sahələrdə əməkdaşlığın inkişafı imkanları genişdir.
Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcək. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən iqtisadiyyat naziri Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib.
Türkiyənin ticarət naziri Ruhsar Pekcan qələbə münasibətilə iqtisadiyyat naziri M.Cabbarovu və Azərbaycan xalqını təbrik edib, ölkəmizin bu zəfərinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.
Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.