9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür!

2020.11.09 11:07 (UTC+04:00)

Dünyanın gözünü bizə dikildiyi, müzəffər Ordumuzun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi, düşmən üzərində şanlı qələbə çaldığı bu əlamətdar gündə üçrəngli bayrağımız başımızın üstündə daha qürurla ucalır. İndi Azərbaycanımızın hansı səmtinə, ölkəmizin hansıbucağına, hansı şəhərimizə, hansı kəndimizə baxsaq, orada Azərbaycan bayrağının yeni bir təntənə ilə ucaldığını görərik. Kiçiyindən böyüyünə hər bir Azərbaycan vətəndaşı bu bayrağın altından keçməkdən indi daha böyük şərəf və qürur duyur. İndi hər bir Azərbaycan vətəndaşı öz qəlbinin dərinliklərində yüksəltdiyi bu şanlı bayrağın fərəhini, sevincini yaşayır.

Üçrəngli bayrağımız Azərbaycan dövlətinin müqəddəs rəmzi olmaqla yanaşı, həm də 2020-ci il sentyabrın 27-dən başlayan yeni mənəvi intibahımızın, tarixsəhnəsində yeni yüksəlişimizin ayrılmazmüşayiətçisidir. Azərbaycan milli varlığının ana ocağı, ata qucağı olan Qarabağda yenidən yüksələn bayrağımızın kölgəsində biz bir toplum kimi daha aydın və uğurlu sabaha, daha geniş və parlaq üfüqlərə doğru gedirik.

Əziz oxucular!

Hər birinizi əziz bayram – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təbrik edir, hər birinizə və bütün xalqımıza böyük zəfərlər diləyirik!

Bir kərə yüksələn bayraq bir daha enməz!