Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
ÇXR Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgiyə 112 min şirkət nümayəndələri də daxil olmaqla 400 mindən çox ziyarətçinin baş çəkəcəyi gözlənilir. Bu şirkətlərin 1400-nün illik dövriyyəsi 100 milyon ABŞ dollarından yuxarıdır. Şanxay sərgisi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir. Sərginin açılış mərasiminə videoformatda qoşulan ÇXR Sədri Si Cinpin bildirib ki, Çin açıq iqtisadiyyat siyasəti çərçivəsində öz bazarını xarici şirkətlərə daha çox açıq etmək, Çin bazarının dünya bazarı ilə daha çox inteqrasiya olunmasına çalışır.
Açılış mərasiminə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf onlayn formada qoşulub, ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı isə mərasimdə iştirak edib.
Azərbaycan ənənənin davamı olaraq bu il də sərgidə vahid ölkə pavilyonu ilə təmsil olunur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizdən 20-dən çox şirkətin istehsalı olan nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı məmulatlar, un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və sair məhsullar təqdim olunur.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılır, potensial müştərilərlə görüşlər keçirilir.
Qeyd edək ki, pandemiya səbəbindən bu il sərgidə daha az ölkə milli pavilyonu ilə təmsil olunur. Azərbaycan da həmin ölkələrin sırasındadır. Məlum olduğu kimi, sentyabrın 27-dən Azərbaycana qarşı hərbi təxribata əl atan Ermənistan Azərbaycanın əks-hücumları nəticəsində siyasi, iqtisadi, sosial və psixoloji cəhətdən zərbələr alaraq gərginlik yaşayır. Bu səbəbdən Ermənistan heç bir formada sərgidə təmsil olunmur və bu, onun necə çıxılmaz bir vəziyyətdə olduğunun göstəricisidir.
Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. Statistikaya əsasən, ötən 5 ildə dünyada ümumi idxalın təxminən 10 faizi Çinin payına düşüb. Çin qarşıdakı 15 il ərzində 4,3 trilyon ABŞ dolları dəyərində məhsul idxal etməyi planlaşdırır. Şanxay sərgisi də Çinin bu idxal planının reallaşmasına xidmət edir.