Azərbaycan Banklar Assosiasiyası (ABA) və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən onlayn platforma üzərindən “COVID-19-un kənd təsərrüfatına təsirləri və yeni imkanlar” mövzusunda vebinar keçirilib.
ABA-dan bildirilib ki, Mərkəzi Bankın, Kənd Təsərrüfatı Nazirliyinin və assosiasiyaya üzv bankların nümayəndələrinin iştirakı ilə keçirilən vebinarda kənd təsərrüfatı və maliyyə sektorunun nümayəndələri panel müzakirələr aparıb və COVID-19-un yaratdığı problemlərə münasibətlərini bildiriblər. Vebinarın əsas məqsədi COVID-19-un kənd təsərrüfatı sektorunda risklərin azaldılması strategiyalarına mövcud və potensial təsirlərini qiymətləndirməkdən, həmçinin maliyyə qurumları, yüksək ixrac potensiallı və gəlirli kənd təsərrüfatı dəyər zəncirlərinin maliyyələşdirilməsi yolu ilə aqrar kredit portfelini artırma imkanlarını müəyyənləşdirməkdən ibarət olub.
IFC İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfdaşlığı ilə Azərbaycanda kənd təsərrüfatı biznesinin davamlı inkişafını dəstəkləmək üçün öz məsləhət layihəsini həyata keçirir.