Qarabağı ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirə biləcəyik

2020.11.06 11:05 (UTC+04:00)

Bu il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində düşmənin 30 ilə yaxın işğalı altında olan torpaqlarımızın əhəmiyyətli hissəsi artıq azad edilib. Azərbaycanın hərbi-texnoloji baxımdan dəfələrlə üstün olması, Ermənistanın hərbi və siyasi iflası, iqtisadi tənəzzülünün sürətlənməsi, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması tezliklə Azərbaycanın ərazi bütövlüyünü tam təmin edəcəyini deməyə əsas verir.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Qarabağda torpaqlarımızın işğaldan tam azad olunmasına günlər qalır və bizim bu torpaqlarda görüləcək işimiz çoxdur: “On illər ərzində qudurmuş erməni vandallarının dağıdıb viran qoyduğu kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi bərpa etmək kifayət qədər resurslar tələb edəcək. Heç şübhəsiz, Azərbaycanın iqtisadi və maliyyə qüdrəti bunun üçün yetərlidir. Biz dağıdılmış yaşayış məntəqələrimizdə təkcə vətəndaşlarımızın viran edilmiş mənzillərini deyil, bütün kommunikasiyaları, sosial obyektləri tam bərpa etməliyik. Bu işlərin xüsusi dövlət proqramları çərçivəsində aparılması bir neçə il vaxt tələb edəcək. Heç şübhə etmirəm ki, Qarabağın bərpası üzrə ayrıca bir dövlət qurumunun yaradılması zəruri olacaqdır. Dövlətimiz on milyardlarla manat vəsaiti əzəli torpaqlarımızın-şəhidlərimizin qanı ilə işğaldan azad olunan torpaqlarımızın bərpası, vətəndaşlarımızın da orda məskunlaşması üçün sərf edəcəkdir. Bu yolla biz Qarabağı bir neçə il ərzində ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirə biləcəyik”.

F.Yusifov qeyd edib ki, burada bütün məcburi köçkünlərin, o cümlədən əzəli torpaqlarımız olan Ermənistandan didərgin salınmış, qaçqın düşmüş vətəndaşlarımıızın qayıtması üçün real şərait yaradılacaq: “İnanıram ki, bunu ən qısa zaman kəsiyində etmək mümkün olacaq. Dağlıq Qarabağdakı tarixi yurdlarımızda və onun ətrafında işğaldan azad edilən ərazilərdə məskunlaşma mütləq şərtdir. Orada yaşamaq bizim haqqımızdır!”

Fəxriyyə İkramqızı