Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İstanbul Dövlət və Özəl Sektor Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə noyabrın 2-5-də keçirilmiş “5-ci İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi - 2020” beynəlxalq tədbirində iştirak ediblər.
KOBİA-dan bildirilib ki, onlayn formatda “Dövlət-Özəl Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması” mövzusunda təşkil olunmuş builki tədbirə 40-dan çox ölkənin infrastrukturun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri qatılıb. Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib, Azərbaycanda aparılmış islahatlar çərçivəsində yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, həyata keçirilmiş infrastruktur layihələri və DÖST mühitinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Həmçinin tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq Ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.