Bağlanmış son 4 bank üzrə kompensasiyaların ödənilməsi yekunlaşır

2020.11.05 10:03 (UTC+04:00)

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsipləri nəticəsində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi yekunlaşmaq üzrədir.
ADIF-dən bildirilib ki, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın cəmi 8432 əmanətçisinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 faizi), iyunun 1-dən bu günədək isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın 15 min 212 əmanətçisinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 faizi) kompensasiya ödənişi həyata keçirilib. Mart ayından ölkəmizdə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda ADIF və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alsaq, fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumilikdə əmanətçilərin toplam 560 milyon manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilib.