Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 79,1 faiz olub

2020.11.04 15:31 (UTC+04:00)

Paytaxtın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-sentyabr aylarında 22,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz az sənaye məhsulu istehsal olunub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 73,3 faizi mədənçıxarma sektorunda, 23,8 faizi emal sektorunda, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 79,1 faiz olub.
Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 5,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 28,5 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 35 faiz, poliqrafiya fəaliyyəti 23,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,6 faiz, əczaçılıq məhsullarının istehsalı 5,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,2 faiz, tikinti materiallarının istehsalı 5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,4 faiz, mebellərin istehsalı isə 15,8 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 65,7 faiz artıb. İçkilərin istehsalı 5 faiz, tütün məmulatlarının istehsalı 61,2 faiz, geyim istehsalı 28,6 faiz, neft məhsullarının istehsalı 5,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,6 faiz, elektrik avadanlıqların istehsalı 82,3 faiz, maşın və avadanlıqların istehsalı 27,6 faiz, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri 42,3 faiz azalıb.
İstehsalın həcmi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,7 faiz azalıb. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.