Qarabağ iqtisadiyyatımızın inkişafı qarşısında yeni üfüqlər açır

2020.11.04 16:52 (UTC+04:00)

Millət vəkili Tahir Mirkişili qeyd edib ki, Azərbaycan öz iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geosiyasi və geoiqtisadi mənzərəsini yenidən şəkilləndirir.

İşğal altında olan torpaqların azad olunması bölgədə sülhün bərqərar olması deməkdir. Azərbaycanda və regionda müharibə riskinin aradan qalxması ölkəmizədaha çox investorların yatırım etməsinə səbəb olacaq. Çünki müharibə hər zaman risk deməkdir və investorlar müharibə riski olan ərazilərdə yatırım etməyə ehtiyatla yanaşırlar. Bu cəhətdən, münaqişənin həlli bütövlükdə bölgəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır.

Dağlıq Qarabağ ərazisində faydalı qazıntı yataqları mövcuddur. Məsələn, Kəlbəcərdə və digər ərazilərdə qızıl yataqlarını, həmçinin dağ-mədən sənayesi potensialını qeyd etmək olar. Bu potensialın hərəkətə gətirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq. Dağlıq Qarabağın tarix və təbiət baxımından daha çox turist cəlb etmək də potensialı var. Torpaqların işğaldan azad edilməsi Azərbaycana iqtisadi cəhətdən böyük həcmdə və prespektivli inkişaf vəd edir.

Beləliklə, uzun müddət düşmən işğalı altında olan ərazilərimizin iqtisadiyyata cəlb olunması Azərbaycan iqtisadiyyatı qarşısında yeni üfüqlər açır.

Fəxriyyə İkramqızı