Bakıda beynəlxalq forum işə başlayıb

2019.02.19 16:20 (UTC+04:00)

Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forum öz işinə başlayıb. Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə olunan məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə kömək göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cabbarov forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən nazir bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.

IOTA-nın icraçı katibi Migel Silva Pinto beynəlxalq forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Forum öz işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər. IOTA-nın Katibliyinin nümayəndələri forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə olunan məlumatlardan səmərəli istifadənin perspektivləri haqqında çıxış ediblər.

Forum öz işini fevralın 21-dək davam etdirəcəkdir.