Sentyabrda qeyri-neft sektoru üzrə ixracın dəyəri 129,5 milyon dollar olub

2020.11.03 16:59 (UTC+04:00)

Cari ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 129,5 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, sentyabrda yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz olub. Yeyinti məhsullarının ümumi ixracda payı isə keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.
Yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında tomat (pomidor 167,8 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 150 milyon dollar) ikinci və pambıq mahlıcı (82,7 milyon dollar) üçüncü olub. Hesabat dövründə meyvə-tərəvəz ixracının dəyəri 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon dollar təşkil edib.