İqtisadiyyat naziri Şahin Mustafayev "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda Bakıda keçirilmiş forumdakı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib: "Bu kursa uyğun olaraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və iqtisadiyyatda rolunun daha da artırılması sahəsində islahatlar aparılır, beynəlxalq təcrübə nəzərə alınmaqla çevik dəstək mexanizmləri, optimal tənzimləmə alətləri tətbiq edilir".
Nazir qeyd edib ki, 2015-ci ildən etibarən özəl sektorun inkişafı ilə bağlı qəbul edilmiş qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı hesab edilir. Bildirilib ki, ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə biznesə başlamaq üçün lisenziya və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Bununla paralel şəkildə vergi, gömrük, sosial ödənişlər sistemində də köklü islahatlara başlanılıb.
345 layihə üzrə 3 milyard manat investisiya qoyulması, 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur
Şahin Mustafayev sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması tədbirlərinə misal olaraq Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestrinin, Sahibkarlığın İnkişafı Fondunun yaradıldığını, kreditlərin illik faiz dərəcəsinin 5 faizə endirildiyini xatırladıb. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması ilə bağlı texniki şərtlərin ödənişsiz olması, sahibkarların tikinti obyektlərinin layihələndirilməsi, tikintisinə icazənin verilməsi prosedurlarının sadələşdirilməsi, dövlət satınalmalarında yerli istehsala üstünlük verilməsi qeyd edilib: "2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur".
Biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar
investorların iqtisadiyyatımıza etibarını artırır və
onların gələcək fəaliyyət planlarını genişləndirir
Biznes mühitini yaxşılaşdırmaq üçün 5 ən vacib islahatdan dördü...
Şahin Mustafayev iqtisadiyyatda şəffaflığın artırılmasını sahibkarlığın inkişafını təmin edən əsas amillərdən biri kimi dəyərləndirib. O, Avropa İttifaqı şirkətlərinin rəyləri əsasında hazırlanmış "Azərbaycan-2018. Biznes mühiti hesabatı”nda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün 5 ən vacib islahatdan 4-nün məhz şəffaflıqla bağlı olduğunu vurğulayıb: “Həyata keçirilən islahatların əsas məqsədlərindən biri məhz dövlət tənzimlənməsində şəffaflığın daha da artırılması ilə sahibkarlara göstərilən xidmətlərin effektivliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Sosial-iqtisadi strategiyanın reallaşdırılmasında mühüm istiqamət olan vergi siyasəti iqtisadiyyatın daim dəyişən və yeniləşən tələblərinə, davamlı və sürətli inkişafına adekvat olaraq təkmilləşdirilir. Hazırda Vergilər Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının son yeniliklərinin istifadə olunması, vergi ödəyiciləri ilə münasibətlərin elektronlaşdırılması işləri uğurla davam etdirilir. Vergi xidmətlərinin göstərilməsində rəqəmsallaşma və elektronlaşmanın tətbiqinin genişləndirilməsi daimi prosesə çevrilib".
Azərbaycanı beynəlxalq uğura aparan islahat
İqtisadiyyat naziri çıxışında sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergidən yayınmanın azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə ünsiyyətin minimumlaşdırılması, vergi güzəştlərinin optimallaşdırılması, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aparılmış mütərəqqi dəyişikliklərdən də danışıb. Qeyd edib ki, Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş beynəlxalq şirkətlər bu dəyişikliklər fonunda vergi orqanlarına etimadın artacağına nikbin yanaşırlar: "Dünya Bankının “Doing Business 2019" hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi dəyərləndirilməsi çox böyük nailiyyətdir.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi, vergi münasibətlərində də
yalnız şəffaflıq, dürüstlük, vicdanlılıq, obyektivlik və loyallıq müasir inkişafı,
tərəqqi və təkamülü təmin edə bilər
Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlarda ölkəmiz əhəmiyyətli dərəcədə irəliləyib, "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşıb. Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin 66 faizi "Azərbaycanda yenidən investisiya qoyardınızmı?" sualına müsbət cavab verib, 89 faizi isə Azərbaycanda növbəti 1-2 il ərzində fəaliyyətlərinin böyüyəcəyini və ya sabit qalacağını bildiriblər. Bu onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir".
Şahin Mustafayev vurğulayıb ki, vergilər sahəsində, xüsusilə də vergitutma sistemində şəffaflığın daha da genişlənməsi istiqamətində aparılan islahatların tam effektivliyinə nail olmaq üçün sahibkarlıq fəaliyyətində sahibkarlar tərəfindən də dürüstlüyün təmin edilməsi, maliyyə hesabatlarının və uçotun düzgün aparılması, vergiödəmə mədəniyyətinin yüksəldilməsi tələb olunur: "Bu, yalnız birtərəfli və inzibati yolla ola bilməz. Yalnız qarşılıqlı həmrəylik olduğu halda, şəffaflıq və inkişaf təmin edilə bilər".
İqtisadiyyat naziri çıxışının sonunda qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, vergi münasibətlərində də yalnız şəffaflıq, dürüstlük, vicdanlılıq, obyektivlik və loyallıq müasir inkişafı, tərəqqi və təkamülü təmin edə bilər. Bildirib ki, son dövrlər bu sahədə aparılan kompleks islahatlardan faydalanan sahibkarların müsbət fikirləri və uğurları da bunu təsdiq edir.