Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Çanaqqala texnoparkının açılışında rəqabət gücünü davamlı şəkildə artırmağın texnologiyaları inkişaf etdirməklə mümkün olduğunu bildirib. Onun sözlərinə görə, texnologiyaya sadəcə istifadəçi kimi yanaşanlar qazanclı bir bazardan qabağa gedə bilmirlər.
İdeyalara, ar-geyə (araşdırma və tətbiq), məhsula və ticarətə bir bütöv kimi yanaşan yenilikçi sahibkarlığın sürətlə çoxalmasını arzu etdiyini bildirən nazir deyib: "Ölkəmizin mənfəəti üçün xəyallarının ardınca əzmlə gedən həvəsli və həyəcanlı gənclər, gənc sahibkarlar axtarırıq. Onlar üçün rahat işləyə biləcəkləri, fərqli sahələrdə əməkdaşlıqlar yarada biləcəkləri və birlikdə istehsal etməkdən həzz ala biləcəkləri ekosistemlər yaradırıq. Universitetləri, real sektoru və ictimaiyyəti ən məhsuldar şəkildə birləşdirib innovasiya ruhunu hərəkətə gətirmək istəyirik. Texnoparklarımız bu məhsuldar görüşməyə ev sahibliyi edən ekosistemin ən önəmli məkanlarıdır. 2001-ci ildə ölkədə cəmi iki texnopark olduğu halda, indi 54 şəhərdə 81 texnopark var ki, onlardan 61-i fəaliyyət göstərir. Qalan 20 parkın da işə başlaması üçün gərgin iş aparırıq. Bu günə qədər 3,8 milyard ABŞ dollar həcmində ixracatımız olub. İndi texnoparklarda 5.334 firma fəaliyyət göstərir və bu sahədə 42.159 işçi çalışır".
Əməliyyatların sosial sığorta mükafatının yarısını dövlətin ödədiyini vurğulayan Varank deyib: "İşə qəbul edilən təməl biliklər məzunlarının maaşlarına iki il boyunca nağd pulla dəstək veririk. Nazirlik tərəfindən texnoparkların bazası, idarə binası və inkubasiya mərkəzinin binası üçün 1 milyard lirə birbaşa dəstək göstərmişik. Vergi təşviqləri və yardımlardan əlavə, bu mərkəzlərin göstərdikləri xidmətlərdə də iştirakımız var. Texnopark firmaları mentorluq, iş təhlilləri, bazar araşdırması və ixracat təşviqləri kimi sahələrdə də bizim dəstəyimizdən faydalanırlar".