Vergidən yayınma hallarına qarşı mübarizə tədbirləri gücləndirilir

2020.11.03 10:17 (UTC+04:00)

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən vergidənyayınma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb.
Dövlət Vergi Xidmətindən verilən xəbərə görə bu dəyişikliklər bir sıra yenilikləri özündə ehtiva edir. Sözügedən dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə, eləcə də POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyaları tətbiq ediləcək və ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim olunacaq.
Eyni zamanda, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyasının tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələbləri dəqiqləşdiriləcək.
Bu yeniliklərə, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin və vergi nəzarətinin təkmilləşdirilməsi də daxildir.