Bakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək

2020.10.26 18:07 (UTC+04:00)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi bank olmayan kredit təşkilatları (BOKT) ilə onlayn görüş keçirib.
KOBİA-dan bildirilib ki, tədbirdə BOKT-larda KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün tətbiq edilən maliyyə alətləri və onlardan istifadə imkanları, kredit müraciətlərinə dair müasir tələblər və sair müzakirə edilib. Onlayn tədbirdə KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması üçün KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq təqdim edilən xidmətlər barədə məlumat verilib, mərkəzlərdə təşkil edilən təlim və seminarların, biznes planın hazırlanmasına göstərilən dəstəyin, məsləhət, şəbəkələşmə və digər xidmətlərin KOB-ların maliyyə savadlılığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalı olduğu vurğulanıb.
Bakı, Sumqayıt və digər regionlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər KOB-larla yanaşı, kredit təşkilatlarının da işini asanlaşdıracaq və ölkə üzrə dayanıqlı, inkişafyönümlü sahibkarlıq xidmətlərinin artmasına dəstək olacaq.
Görüşdə banklarla yanaşı, BOKT-lar da KOB inkişaf mərkəzləri ilə sıx əməkdaşlığa dəvət edilib.