Cəbhəyanı ərazilərdə sahibkarlıq subyektlərinə dəstək gücləndirilir

2020.10.24 14:58 (UTC+04:00)

Sentyabrın sonundan cəbhəyanı bölgələrdə mülki vətəndaşların düşmən tərəfindən hədəfə alınması orada fəaliyyət göstərən sahibkarların işinə pozucu təsir göstərir. Millət vəkili Vüqar Bayramov bildirib ki, Dövlət Vergi Xidmətinin cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara aid sanksiyaları ləğv etməsi onların fəaliyyətinə dəstək kimi qiymətləndirilməlidir. Növbəti mərhələdə sahibkarlıq subyektlərinə dəstəyin gücləndirilməsi ilə bağlı ilkin müzakirələrin aparıldığını deyən millət vəkili bu tədbirlərin cəbhə xəttinə yaxın zonalarda fəaliyyət göstərən sahibkarların fəaliyyətlərini yenidən qura və genişləndirə bilmələrinə şərait yaratmaq məqsədi daşıdığını vurğulayıb.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla Azərbaycan ərazisini, yaşayış məntəqələrini intensiv atəşə tutur. Həmin ərazilərdə qeydiyyatda olan vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onlara dəstək məqsədilə 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyasının ləğv olunması barədə qərar verib.

Fərqanə ALLAHVERDİQIZI