Sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazisi təcavüzkar Ermənistan hərbi qüvvələri tərəfindən ağır silahlardan intensiv atəşə tutulur. Bunun nəticəsində insanlar həlak olur, ölkənin sosial və iqtisadi infrastrukturu böyük zərər görür. Zərər çəkən obyektlərin bəziləri iri şirkətlərin filialları, bölmələridir, müəyyən hissəsi zavodlar, fabriklər, bəziləri isə kiçik ticarət müəssisələridir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, baş verənlər, təbii ki, sahibkarların işgüzar fəaliyyətinə iri həcmdə mənfi təsir göstərib. Bır sıra sahibkarlıq subyektləri ya tamam bağlanıb, ya da xeyli zərərlə üzləşib. Bu baxımdan, Dövlət Vergi Xidmətinin qərarı ilə “İcraat haqqında” Qanunda nəzərdə tutulan səyyar, kameral və digər yoxlamalar nəticəsində aşkarlanan qanunsuzluqlara qarşı hesablanmış maliyyə sanksiyalarının ləğv olunması çox təqdirəlayiq addımdır. Bu, həm də müharibə şəraitində zərər görən sahibkarların düşdükləri vəziyyətlə əlaqədar zərərlərinin bir hissəsinin qarşılanması deməkdir.
R.Atakişiyev vurğulayıb ki, sanksiyaların ləğv olunması gələcəkdə sahibkarların öz işlərini daha həvəslə davam etdirmsinə şərait yaradacaq: “Sanksiyaların ləğvi həmin sahibkarların gələcəkdə şəffaf işləməsinə də geniş maraq formalaşdırır. Çünki onlar artıq inanırlar ki, şəffaf və rəsmi fəaliyyət göstərdikləri halda dövlət hər zaman onların yanındadır, düşdükləri çətin vəziyyətlərdə yardımını əskik etmir. Biz bunun bariz nümunəsini COVID -19 pandemiyası ilə bağlı dövlət tərəfindən sahibkarlıq subyektlərinə edilən silsilə yardımlarda da gördük”.
Fərqanə ALLAHVERDİQIZI