Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə buğda idxalı üçün tətbiq edilən 45 faizlik, arpa idxalı üçün tətbiq edilən 35 faizlik və qarğıdalı idxalı üçün tətbiq edilən 25 faizlik gömrük vergilərinin dərəcələri 2021-ci il yanvar ayının 1-dək sıfıra endirilib.
Dünyada və Türkiyədə yeni tip koronavirus (COVID-19) epidemiyasının davam etdiyi bir şəraitdə Ruisya və Ukrayna kimi taxıl ixrac edən ölkələrin ixracatı məhdudlaşdırmaq istiqamətində tədbirlər görəcəyi proqnozlaşdırılır. Bundan əlavə, Çin kimi idxalçı ölkələrin idxal həcmlərini artırması, eləcə də ilin quraqlıq keçməsinin məhsuldarlığa mənfi təsiri kimi səbəblərə görə taxılın qiymətlərində artım müşahidə olunur.
Ekspertlər Türkiyə hökumətinin gömrük vergisini tənzimləməsinin daha bir səbəbi kimi həm daxili, həm də xarici bazarda qiymət artımının davam etməsinin yem və qida bazarları ilə istehlakçı qiymətləri arasında yaratdığı yüksəliş yönümlü təzyiqin qarşısını almaq olduğunu bildirirlər.
.