Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov iclasda çıxış edərək 2020-ci ildə dünyanın bütün ölkələrinin presedenti olmayan şoklar kombinasiyasına məruz qaldığını deyib. Pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhranı idarə etmək təcrübəmiz bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb. Qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub və daha dərin resessiyanın qarşısı alınıb.
E.Rüstəmov iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. Erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra şəhərlərimiz, kəndlərimiz və vacib yüksəkliklər azad olunub. E.Rüstəmov dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməsini və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını vacib saydığını vurğulayıb.