Sahil Babayev: "Vergilərin toplanılması nəticəsində əldə olunan vəsaitin böyük bir hissəsi məhz sosial sahələrə xərclənir"

2019.02.18 19:04 (UTC+04:00)

Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vergilərin toplanılmasını hər bir ölkənin iqtisadiyyatı üçün ən önəmli istiqamətlərdən biri hesab etdiyini bildirib. Qeyd olunub ki, vergilərin toplanılmasında şəffaflıq hər kəsin - həm dövlətin, həm də özəl sektorun marağındadır: "Vergilərin toplanılması nəticəsində əldə olunan vəsaitin böyük bir hissəsi məhz sosial sahələrə xərclənir. Ona görə, düşünürəm ki, sahibkarlarda inamın daha da gücləndirilməsi üçün yığılan vəsaitin xərclənməsi prosesində də şəffaflığın təmin edilməsi ən önəmli islahatlarımızdan biri olmalıdır. Göstərməliyik ki, yığılan vergilər, toplanılan vəsaitlər şəffaf şəkildə hər bir Azərbaycan vətəndaşının rifahı üçün xərclənir. Bu, infrastruktur qismində də ola bilər, müəyyən sosial ödənişlər qismində də".

"Azərbaycan Prezidentinin 9 avqust 2018-ci il tarixli fərmanına uyğun olaraq, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi yaradıldı. Bu günlərdə ilk DOST mərkəzinin açılışı planlaşdırılır. Bu DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə, sosial təminat sahələrində 124 adda xidməti vahid pəncərədən operativ şəkildə maksimum elektronlaşdırılmış qaydada göstərəcəkdir. Bakı şəhəri və regionlar daxil olmaqla ölkə üzrə 31 DOST mərkəzinin yaradılması planlaşdırılır. Eyni zamanda, 20 noyabr tarixindən etibarən e-sosial platforma istifadəyə verilib. Bu platformanın əsas məqsədi sığortaolunanlara şəffaf və açıq şəkildə bütün məlumatların təqdim edilməsidir. Azərbaycanda bütün məşğul əhalinin bu portalda şəxsi kabineti var. Bu kabinetə daxil olaraq indiyədək ödədiyiniz sosial sığorta haqları, fərdi hesabınızda toplanmış kapital, əmək müqavilələriniz, əlilliyi olan şəxslər öz əlilliyi ilə bağlı məlumat, imtiyazlı şəxslər mənzil, avtomobil növbəsi və s. bu kimi məlumatlara sahib ola bilərlər. Statistik olaraq e-sosial portal vasitəsilə hər birinizi nazirlik üzərindən ictimai nəzarətçiyə çevirmişik. İctimai açıqlığın da məhz ilk addımı bundan başlayır".