Azərbaycanla Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələri məmnunluq doğurur

2019.02.18 14:54 (UTC+04:00)

Prezident İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırlayıb, Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirib. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmi vurğulanıb, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.