Ermənistanda ÜDM 15-20 faiz azalacaq

2020.10.15 14:40 (UTC+04:00)

İqtisadçı ekspert Elman Sadıqov bildirib ki, hələlik müharibənin Ermənistan dövlətinə vurduğu zərərin təqribi miqyasları barədə danışmaq mümkündür: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu zərər hazırda 2 milyard dollar ətrafındadır. Bu qədər zərəri kompensasiya etmək üçün Ermənistan öz ordusunu yenidən komplektləşdirməlidir. Əlavə olaraq ölənlərin ailələrinə yardımlar və digər məsələlər, o cümlədən müharibə aparmaq üçün ölkənin xərclədiyi vəsaitlər və s. gələcəkdə Ermənistanın iqtisadiyyatı üçün böyük bir yük təşkil edəcək. Qeyri-rəsmi məlumatlara görə, Ermənistanın xarici borcu təxminən ümumi daxili məhsulun (ÜDM) həcminə bərabərdir. Nəzərə alsaq ki, 2019-cu ildə orada ÜDM 13,4 milyard dollar ətrafında olub, deməli, dövlət borcu da həmin məbləğ ətrafındadır.

Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağın və işğal etdikləri digər rayonların ərazisindən qanunsuz qazandıqları vəsaitlərdən də məhrum olub. Dağlıq Qarabağda bir çox ölkələrlə birgə qurulan şirkətlər, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi Ermənistan büdcəsinə müsbət təsir edirdi. Artıq onlar Kəlbəcərdəki qızıl yatağı, turizm məkanları və digər bu kimi qazanc mənbələrindən məhrum olublar. Eyni zamanda, Ermənistanın əvvəlki yalanlar üzərində qurulan saxta nüfuzu da demək olar ki, heçə enib. Buna görə də indiki halda investorların cəlb olunması da mümkünsüz görünür.

Düşünürəm ki, bütün bu amillər, o cümlədən əhalidəki ciddi ruh düşkünlüyü və müharibəyə xərclənən vəsaitlər, insan tələfatları, eləcə də Gürcüstana qarşı ərazi iddiaları irəli sürdükləri üçün bu ölkə ilə gərginləşən münasibətlər şəraitində Ermənistan iqtisadiyyatı öz yükünü çəkməyə qadir deyil. 2021-ci ildə bu yük daha da ağırlaşacaq. Təsadüfi deyil ki, bu ölkənin ÜDM-ində kənd təsərrüfatının payı nisbətən yüksəkdir – 16,7 faiz. Bu nisbət daha çox Dağlıq Qarabağ ərazisindəki torpaqlardan istifadənin nəticəsidir. İndi kənd təsərrüfatından gələn gəlirlərin aşağı düşməsi, turizmin ciddi enişi labüddür. Doğrudur, Ermənistan lobbisi dəfələrlə Ermənistana kömək göstərib və bu yardımlar hazırda da davam etməkdədir. Amma yardımlar iqtisadiyyatın bərpası üçün kifayət etməyəcək.

Ciddi geriləmək nəticəsində 2021-ci ildə Ermənistan iqtisadiyyatının bərpa ehtimalının aşağı olması gələn il bu ölkədə ÜDM-in 15-20 faiz azalacağını proqnozlaşdırmağa əsas verir".

Fərqanə ALLAHVERDİQIZI