Ermənistan işğalçılıq siyasətinə son qoymalı, torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir

2020.10.15 12:25 (UTC+04:00)

Bu, azmış kimi, Ermənistanın hazırkı rəhbərliyi dəfələrlə torpaq­larımızı tərk etməyəcəyini, işğal­çılıq niyyətini gizlətməyərək yeni torpaqlar uğrunda yeni müharibəyə başlayacağını bəyan etmiş və sülh yolunda mövcud olan bütün prinsipləri kobudcasına pozmuş­dur. Belə ki, bu ilin iyul ayının 12- də Ermənistan ordusu münaqişə regionundan çox uzaqda olan Tovuz rayonuna hücum edərək, hərbi qulluqçularımızı və mülki sakinlərimizi öldürmüş, avqustun 23-də isə ərazimizdə terror aktları törətmək üçün diversiya qrupu göndərmiş, lakin həmin qrupun başçısı Azərbaycan tərəfindən yaxalanmışdır. Bundan başqa, azərbaycanlıların hisslərini təhqir etmək üçün qədim şəhərimiz Şuşada qondarma “Dağlıq Qara­bağ lideri”nin qondarma “andiçmə” mərasimi təşkil edilmiş, qondarma “Dağlıq Qarabağın parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi qərara alınmışdır.

Bu il sentyabrın 27-də isə Ermənistan ordusu beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, bir neçə istiqamətdən Azərbaycan Respubli­kasının dinc yaşayış məntəqələrinə və hərbi mövqelərinə hücum etmişdir. Nəticədə həmin vaxtdan oktyabrın 8-i saat 13:00-dək olan müddət ərzində həlak olmuş dinc sakinlərin sayı 31-ə, yaralanmış dinc sakinlərin sayı 154-ə, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 928-ə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 133-ə, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 45-ə çatmışdır.

Belə olan vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən xalqımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum əməliyyatı həyata keçirilərək, işğal altın­da olan torpaqlarımızın azad edilməsinə başlanılmışdır. Şanlı Ordumuzun qüdrəti qarşısın­da aciz qalan qəddar düşmən çarə olaraq münaqişəyə üçüncü dövlətləri cəlb etmək niyyəti ilə Azərbaycana qarşı təhrikedici davranış sərgiləmiş, bu məqsədlə ölkəmizin dinc əhalisini hədəfə almış, döyüş əməliyyatlarının aparıldığı bölgədən tam fərqli istiqamətdə və məsafə baxımından xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğula­rından, habelə istifadəsi qadağan olunmuş silahlardan intensiv atəşə tutmaqda davam etmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələrinin həyata keçirdiyi belə əməllər həm milli qanunverici­lik, həm də beynəlxalq hüquq ba­xımından sülh və insanlıq əleyhinə olan cinayətlərdir və Azərbaycan Respublikasının Baş Prokurorlugu tərəfindən müharibə gedən zonada çevik şəkildə, maddi və proses­sual qanunvericiliyin tələblərinə tam uyğun olaraq bu faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Döyüş şəraitində həyat üçün mövcud olan təhlükəyə baxmayaraq, əziyyətlə toplanmış bu cinayət təqibi ma­terialları erməni cinayətkarların gələcəkdə ədalətli mühakiməsinin təminatına kömək edəcəkdir.

Yeri gəlmişkən, təcavüz ən ağır beynəlxalq cinayətlərdən sayılır və dövlət tərəfindən törədilən təcavüzün planlaşdırıl­ması, hazırlanması, başlanması və həyata keçirilməsində rəhbər və ya təşkilatçı kimi iştirak edən, habelə bu barədə əmr verən şəxs həmin cinayətə görə məsuliyyət daşıyır. Fiziki şəxs olaraq dövlətin siyasi-hərbi rəhbərliyinin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsi ilə üzvi surətdə bağ­lıdır və dövlətin törətdiyi təcavüz cinayəti müvafiq şəxsin cinayət məsuliyyətinin yaranmasının zəruri şərtidir. Başqa sözlə, dövlətin təcavüz aktının törətməsinin müəyyən olunması müvafiq fiziki şəxsin, o cümlədən hərbi-siyasi heyətin təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmənin əsası sayılır.

Konkret fakta gəldikdə isə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın nəinki Dağlıq Qa­rabağ bölgəsini, hətta bu bölgəyə aid olmayan (Gəncə, Goranboy, Mingəçevir, Bərdə, Beyləqan, Yevlax, Xızı və s.) yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli ya­şayış binalarını, təsərrüfatları ağır artilleriya qurğuları, ballistik mərmi və kasetli bombalar, uzaqmənzilli raket silahları, pilotsuz-kamikad­ze uçuş aparatları vasitəsi ilə atəşə tutmaları, ordusunun şəxsi heyətinin Azərbaycan ərazisinə hucum əməliyyatlarında bilavasitə iştirak etmələri, Ermənistanda bu məqsədlə hərbi səfərbərliyin həyata keçirilməsi nəinki ölkənin siyasi və hərbi rəhbərliyi tərəfindən açıq şəkildə bəyan edilir, həm də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etiraf olu­nur. Bu baxımdan Ermənistanın hərbi-siyasi rəhbərliyinin təcavüz cinayətinə görə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsaslar vardır.

Burada bir vacib məqamı nəzərə almaq lazımdır. BMT Nizamnaməsinin 39-cu maddəsinə görə, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şu­rasının müstəsna səlahiyyətinə aiddir. Bu, Azərbaycan Respubli­kasının BMT Təhlükəsizlik Şurası qarşısında Ermənistanın qeyd edilən əməllərinin təcavüz aktı kimi müəyyən edilməsi barədə məsələ qaldırmasını vacib edir. Bu baxım­dan son günlərdə Azərbaycanın dövlət hakimiyyət orqanlarının təcavüz aktı ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istiqamətində sərgilədiyi mövqe diqqətəlayiqdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Ombudsmanı və digərləri bəyanat verərək, beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, azərbaycanlı mülki şəxsləri və infrastrukturu atəşə tutmasını kəskin qınamağa və bir daha Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırmışdır.

Beynəlxalq qurumlar ilə yanaşı, milli yurisdiksiya və səlahiyyət çərçivəsində dövlət orqanlarının konkret əməli tədbirlər həyata keçirmələri vacibdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanun­suz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı görülən cinayət-hüquqi tədbirlərin kəsərinin artırılması istiqamətində işlər daha da gücləndirilməlidir. Təqdirəlayiq haldır ki işğal olunmuş ərazilərdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istis­mar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, satışı və Azərbaycan Respublikası sərvətlərinin qanunsuz ixraçı ilə məşğul olan şirkətlər müəyyən edilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlaması­nın keçirilməsi təmin edilmişdir. Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertiza­sının rəyinə əsasən, ümumilikdə, 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə dair tutarlı dəlillər müəyyən edilmiş­dir. Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilmişdir.

Məlum olduğu kimi, Ermənistan, həmçinin Azərbaycanın işğal altında sax­ladığı Dağlıq Qarabağ ərazisi üzərindən narkotiklərin daşın­masını həyata keçirir. Dağlıq Qarabağda narkotik bitkilərin əkilib-becərilməsi, istehsalı, daşınması birbaşa Ermənistan hökumətinin nəzarəti altındadır. Narkotik maddələrin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə edilir ki, bu da iqtisadi duru­mu ağır olan Ermənistanın hərbi xərclərinin bir qisminin kompensa­siya edilməsinə yönəldilir. Hesab edirik ki, müvafiq dövlət orqanları tərəfindən Ermənistan və qondar­ma rejim tərəfindən törədilən bu və digər bütün cinayət əməllərinin müəyyən edilməsi, cinayət təqiblərinin başlanılıb sona çatdırıl­ması, təqsirkar şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada məhkəmə hökmlərinin çıxarılması­na nail olunması təmin edilməlidir.

Yəni, Ermənistanın cinayət əməlləri ilə mübarizədə beynəlxalq hüquqi vasitələr ilə yanaşı, milli hüquqi mexanizmlərdən də tam həcmdə istifadə edilməlidir. Müasir beynəlxalq hüququn müddəaları da buna tam əsas verir. Belə ki, 2000-ci il sentyabr ayının 6-dan 8-dək Nyu-Yorkda keçirilən dünya rəhbərlərinin ən böyük yığıncağında qəbul edilmiş Minilliyin Bəyannaməsində fun­damental dəyərlərin iyirmi birinci əsrdə beynəlxalq münasibətlər sahəsində əsas xarakter daşı­yacağı nəzərə alınaraq, əsas vəzifələr kimi sülh, təhlükəsizliyin təmin edilməsi, dövlətlər daxili və ya dövlətlərarası müharibə təhlükəsinin aradan qaldırılması, silahlı münaqişələr nəticəsində mülki əhalinin müdafiəsi üzrə xüsusi tədbirlərin həyata keçirilməsinin zəruriliyi öz əksini tapmışdır. İnsan hüquqları haq­qında Ümumi Bəyannamənin 8-ci maddəsinə görə, hər bir insan Konstitusiyanın və ya qanunun ona verdiyi əsas hüquqların pozulması zamanı həmin hüquq­ların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Avro­pa Şurasının Nazirlər Kabinetinin 1985-ci il 28 iyun tarixli iclasında cinayət hüququ və cinayət prosesi çərçivəsində zərərçəkmişlərlə əlaqədar üzv dövlətlərə tövsiyəsində qeyd edilmişdir ki, zərərçəkmişə dair müddəaların səmərəliliyinin tədqiq olunmasının möhkəmliliyinə kömək edilməlidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz əzəli tor­pağı olan Qarabağın erməni işğalı altında qalması ilə heç bir zaman razılaşmayacaq. Azərbaycan xalqı milli ordumuzun rəşadəti sayəsində qələbəyə tam əmindir və bütün gücü ilə Silahlı Qüvvələrimizin və Ali Baş Komandanın yanındadır. “Qarabağ Ermənistandır, nöqtə” deyənlər çox qısa zaman ərzində bu ifadəyə görə peşiman olub, “Qa­rabağ Azərbaycandır, nida işarəsi” hökmünü qəbul etməyə məcbur olacaqlar.

Mirəli KAZIMOV,
hüquq üzrə elmlər doktoru