Ziyad Səmədzadə: "Bir ildə "kölgə iqtisadiyyatı"nın həcmi azalıb"

2019.02.18 12:18 (UTC+04:00)

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib: "Biz "kölgə iqtisadiyyatı" haqqında həmişə danışmışıq. Amma bu problemi tam aradan qaldırmaq çətin olub. Çünki beynəlxalq təşkilatların nümayəndələrinin də qeyd etdiyi kimi, "kölgə iqtisadiyyatı" dünyanın əksər ölkələrində var. Amma "kölgə iqtisadiyyatı" Azərbaycan iqtisadiyyatının əsas göstəricilərinə çox böyük təsir edir".

Ziyad Səmədzadə qeyd edib ki, son bir ildə vergi və gömrük sisteminda aparılan islahatlar nəticəsində bu sahədəki problemlər də tədricən azalmağa başlayıb. Onun sözlərinə görə, bu, "kölgə iqtisadiyyatı"nda olan dövriyyənin həcminin azalmasında da özünün göstərir: "Azərbayacanda əmək ehtiyatları sürətlə artır. Bu artım özü zəruru edir ki, Azərbaycanın iqtisadi strategiyasında məşğulluq amili ön plana çəkilsin. Amma məşğulluq amilini hesablayanda görürük ki, ölkəmizdə cəmi 1,6 milyon muzdlu sistemdə çalışan əmək qabiliyyətli insan var. Bu rəqəmin getdikcə artırılması bizim qarşımızda duran ən mühüm vəzifələrdəndir. Biz bank və sığorta sistemini də, məşğulluq sistemini də yaxşılaşdırmalıyıq".

Ziyad Səmədzadə bildirib ki, həyata keçirilən islahatlara və yeni çağırışlara uyğun olaraq vergi orqanlarının, digər aidiyyəti qurumların fəallığı Azərbaycan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar açacaq.