"2018-ci ildə açıq bəyan etdiyimiz fəaliyyət prioritetlərimiz üzrə irəliləmişik. Bu gün dövlət-biznes münasibətlərində, daha doğrusu, onun vergitutma ilə bağlı olan seqmentində yeni bir mərhələnin başlandığını söyləyə bilərik. Yeni yanaşmaları ifadə edən çağırışları biznes cəmiyyəti ilə kifayət qədər aydın və açıq şəkildə müzakirə edə bilmişik".
Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxışında səsləndirib. Nazir əlavə edib ki, ötən il vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artıb: "Vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyildir, o, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitəsi olub. Vergi sistemində başlanan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntiləri biz ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlərdə aşkar hiss etdik".
Nazir şəffaf münasibətlər sisteminin qurulmasına da toxunub. Bildirib ki, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul olunub. Vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb. Vergi orqanlarında əvvəllər mövcud olan bəzi neqativ praktikalar aradan qaldırılıb. Vergi ödəyicilərinin rastlaşdığı problemlərin operativ həlli üçün apelyasiya sistemi yenidən qurulub, bu proses indi də davam edir.