İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Ermənistanın iqtisadi imkanlarını şərh edərkən bildirib ki, qonşu ölkələrlə münaqişə səbəbindən yüksək bazar dəyəri olan ölkələrə çıxmaq üçün yalnız şimal xəttindən istifadə edən ölkə yüksək nəqliyyat xərcinə görə rəqabətli məhsul satışında məğlub olur.
“Ev təsərrüfatlarının sosial gərginliyinin azaldılmasını və bank sektorunun ayaqda durmasını pul baratları vasitəsilə təmin etməyə çalışan Ermənistanı daha kəskin münaqişə şəraitində yeni ssenarilər gözləyir. Münaqişədən qeyri-rezidentlərin və onların sərmayələrinin təsirlənməsi maliyyə və kapital repatriasiyasını sürətləndirəcək. Beynəlxalq təcrübəyə əsasən, gələcəyə inamın zəiflədiyi, mülkiyyət və dinc yaşama hüquqlarının pozulduğu, hökumətlərin pis idarəetməyə meyl etdiyi və ən başlıcası ölkəni müharibəyə sürükləməsi nəticəsində portfel və birbaşa investisiyalar ölkəni tərk edir. Bu isə yerli vətəndaşlar arasında işsizlik və yoxsulluq kimi təlatümlər formalaşdırır”.
Ermənistanın ilkin gəlirlər balansında investisiya gəlirlərinin repatriasiyası artıb. Bu da balansda 700 milyon ABŞ dollarına yaxın kəsir formalaşdırıb. COVID-19 pandemiyası ilə əlaqədar iqtisadi ressesiya qarşılığında xarici ticarət əməliyyatlarının azalması nəticəsində 2020-ci ilin iki rübündə cari hesablar balansının kəsiri 218 milyon ABŞ dollarından 143,6 milyon ABŞ dollarına enıb. Təhlil göstərir ki, kəsirin azalması əmtəə və xidmət ixracının artımı və investisiya gəlirlərindəki artım vasitəsilə deyil, 14 faizlik iqtisadi ressesiya, xarici ticarət balansının 13 faiz azalması, birbaşa investisiyalardan gəlirin 8,4 faiz azalması ilə əlaqədardır. Habelə, mədən sənayesinin vergi, xarici valyuta və iqtisadi aktivlikdə payının yüksək olduğunu nəzərə alsaq, pandemiya və müharibə şəraitində bu sektorun kiçilməsi qaçılmazdır.
Bundan əlavə, Ermənistan Mərkəzi Bankının 30 sentyabr açıqlamasına görə, 2020-ci ilin sonu üçün ixrac əməliyyatları vasitəsilə valyuta daxilolmalarının 12-15 faiz, idxal vasitəsilə valyuta axınının isə 15-17 faiz azalacağı qeyd edilib. Belə hesab edirik ki, Ermənistanda “əkiz kəsirlər” problemi – tədiyyə balansının və icmal büdcənin kəsiri ölkəni yeni borclanma, iqtisadi rıçaqların itirilməsi təhdidləri ilə üz-üzə qoyub”.