Ötən dövrdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

2020.10.10 16:02 (UTC+04:00)

Avtomatlaşdırılmış təyinat sistemləri vasitəsilə bu ilin yanvar-sentyabr aylarında 11,08 min şəxsə elektron qaydada pensiya, 61 min şəxsə isə e-qaydada müavinət-təqaüd təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin (ümumən 21 sosial təminat növünün) elektron təyinat sistemi işə salınıb. Həmin e-sistemlər vasitəsilə ümumilikdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər vətəndaşlara hüquqları yaranan zaman onlara pensiya, müavinət, təqaüdün avtomatik olaraq təyin olunmasına imkan verib. Beləliklə, sosial ödənişlərin təyinatı zamanı vətəndaşların hansısa quruma müraciət edərək sənəd təqdim etmələrinə ehtiyac qalmır, təyinatlar məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilir.

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam edir.