Cəbhə xəttində gərgin döyüşlər davam etdiyi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz düşmənin uzun illər ərzində işğal altında saxladığı torpaqlarımızı erməni vandallarından təmizlədiyi zamanda mənfur düşmənin ölkəmizə qarşı təxribatları davam etməkdədir.
Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, ölkə banklarımızın müştərilərinə həmin bankın rəhbər şəxsi və ya əməkdaşı adından guya bankın serverinin erməni xakerlərinin hücumuna məruz qaldığı səbəbindən bu bankdan depozitin dərhal geri cəkilməsinə dair mesajlar, elektron məktublar göndərilir. Azərbaycan Banklar Assosiasiyası olaraq əhalimizdən, bank müştərilərindən xahiş edilir ki, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə banka müraciət etsinlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar. Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.