Rusiya vergi orqanlarının müştərilərin bank hesabları haqqında məlumat almaq imkanları genişləndirilir

2020.10.05 13:31 (UTC+04:00)

Hökumətin təklifi ilə yaxın üç ildə Federal Vergi Xidməti (FVX) bank müştərilərinin hesablarına genişləndirilmiş giriş əldə edəcəklər. “2021-ci ildə və planlaşdırılmış 2022-2023-cü illər ərzində büdcə və vergi siyasətinin əsas istiqamətləri”ni hökumət artıq Dumaya təqdim edib. Sənədə əsasən, FVX müştərilərin bank hesablarına daha yaxşı nəzarət edə bilmək, eləcə də xarici dövlətin səlahiyyətli orqanlarının sorğusu ilə informasiya əldə etmək üçün daha böyük imkanlar əldə edəcəklər. Sənəddə qeyd edilib: “Bu addımın atılması vicdanlı vergi ödəyicilərinin maraqlarına toxunmadan vergidən yayınmaya, cinayət yolu ilə gəlirlərin əldə edilməsinə və pulların ölkədən qanunsuz yollarla çıxarılmasına qarşı mübarizə aparmağa, ümumilikdə iqtisadiyyatın “ağardılmasına” kömək edəcək”.

Bundan əlavə, hökumət Rusiya Mərkəzi Bankı ilə FVX arasında məlumat mübadiləsinin hüquqi müstəvidə təmin olunmasını təklif edib. Bununla Mərkəzi Bank vergi sirri sayılan məlumatları, vergi orqanları isə bank sirri hesab edilən məlumatları əldə edəcək.