Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası təsdiqlənib

2020.10.05 09:55 (UTC+04:00)

Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bu sənəd ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək. Layihələrin maliyyələşdirilməsi agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən ediləcək. Müsabiqələr təhsil, elm, tədqiqat və dəstək layihələri üzrə aparılacaq.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın “www.smb.gov.az” rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.
Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib. Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcək. Bu Qaydaya uyğun olaraq, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, startap layihələrinin dəstəklənməsi, KOB-ların təlim, seminar, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirakı, bilik və bacarıqlarının artırılması, KOB sahəsində elmi biliklərin tətbiqi, sahibkarların fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi və araşdırılması, bu istiqamətdə təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Qayda ilə daha ətraflı “https://bit.ly/30LhYN9” keçidinə daxil olmaqla tanış olmaq olar.